Stokholmda 20 Yanvar şəhidləri anıldı
Yanvarin 19-da İsveçin paytaxtı Stokholmda, ABF mərkəzi ofisində, 1990 il yanvarın 19-dan 20-ə keçən gecə təpədən dırnağa qadağan olunmuş silahlarla təchiz olunmuş cinayətkar Sovet ordusunun Bakıya və digər bölgələrimizə qəflətən hücumu nəticəsində şəhid edilmiş həmvətənlərimizin xatirəsini anma gecəsi keçirildi. Azərbaycan Federasyonu İsveçin təşkil etdiyi bu tədbir 3 saata qədər davam etdirildi. Azərbaycanın milli himni ilə açılan tədbirdə qanlı 20 Yanvar hadisələrini əks etdirən vodekadrlar və vaxtilə Turkiyə TV kanallarının lentə almış olduğu videolentlər nümayiş etdirildi, şəhidlərimizin ruhuna dua oxundu, hadisələrin canlı şahidlərinin xatirələri dinlənildi.
Tədbirdə çixiş edən Səttar Sevigin, 17 il bundan əvvəl Bakıda və Azərbaycanın digər bölgələrində baş vermiş bu qanlı olaylar barədə İsveç televiziyalarından xəbər bildiklərini və dərhal yüzlərcə insanımızın bir araya toplaşaraq Sovetlər Birliyinə rəhbərlik edən kommunist rejiminin bu mənfur hərəkətinə etiraz etdiklərini bildirdi.
Tədbirdə iştirak edən Türk İşçi Federasyonun başqanı Həsən Dölək xalqımızın başına gətirilmiş bu olaylara bənzər cinayətlərin bir daha təkrar olunmaması və dünyaya çatdırılması üçün xaricdə olan təşkilatlarımızın işbirliyi qurmasına böyük ehtiyac olduğunu, işbirliyi sahəsində AFİ ilə danışıqlar aparıldığını, birgə fəaliyyət planı hazırlamaq niyətində olduqlarını diqqətə çatdırdı.
Hadisələrin canlı şahidi olmuş Teymur Eminbəyli qanlı olaylar barədə xatirələrini danışaraq qırmızı sovet ordusunun öz istiqlalı uğrunda mübarizəyə qalxmış xalqımızın iradəsini qırmaq və SSRİ-nin dağılmasının qarşısını almaq niyyəti ilə bu qanlı hadisələri törətdiyini, lakin cinayətkar sovet rejiminin buna nail olmadığını, cəmi bir il sonra xalqlar həbsxanası olan sovetlərin dağıldığını, millətlərin öz istiqlalına qovuşduğunu qeyd etdi.
AFİ inteqrasiya məsulu Siyavuş Yusifli bu hadisələrin Azərbaycanın müstəqilliyi yolunda bir dönüş nöqtəsi olduğunu, milli mubarizəmizin hələ də davam etdiyini bildirdi.
Əli Agayev çıxışında xalqımızın keçmiş olduğu bu yolun şərəfli yol olduğunu iştirakçıların diqqətinə çatdırdı və canlı şahidi olduğu hadisələr barədə toplaşanlara bilgi verdi.
Hazırda İsveçdə mühacir həyatı yaşayan Güney Azərbaycanlı soydaşımız Əmir Təbrizli 20 Yanvar hadisələrinə həsr olunmuş şer oxudu.
Həmçinin tədbirin aparıcısı Səttar Sevigin də Bəxtiyar Vahabzadənin “20 Yanvar” şerini toplaşanların diqqətinə çatdırdı.
Tədbirin sonunda qətnamə qəbul olundu və qətnaməni oxuyan AFİ İlişkilər məsulu Səttar Sevigin bu mətnin isveçcəyə tərçümə olunaraq rəsmi dairələrə, beynəlxalq təşkilatlara və İsveç mediasına artıq çatdırılmış olduğunu bildirdi.
Yüz nəfərə yaxın soydaşımızın və qonaqların qatıldığı tədbir şəhidlərimizin xatirəsinin bir anlıq sükutla qeyd olunması ilə başa çatdı.
Tədbir VATV vasitəsi ilə lentə alındı və www.azadtribun.net və www.azfi.org saytlarında yerləşdirilmişdir.
Uca tanrı müstəqilliyimiz yolunda canlarını qurban vermiş şəhidlərimizə rəhmət eləsin!
Teymur Eminbəyli
AFİ təbliğat məsulu






