Çərşənbə axşamı , May 23 2017
trazensv
Home / Xəbərlər / Güney Azərbaycan şəhərlərində kütləvi etiraz aksiyaları
bild-1

Güney Azərbaycan şəhərlərində kütləvi etiraz aksiyaları

Bu gün Güney  Azərbaycanda yerli vaxtla təxminən 4:00 radələrində minlərlə insan bir çox şəhərdə küçələrə çıxaraq türklərə qarşı ayrıseçkilik siyasətinə etiraz ediblər. Amerikanın Səsinin əldə etdiyi məlumata görə, nümayişlər hazırda da davam edir. Etirazçılar bu günlərdə İran dövlət televiziyasında yayımlanan proqramda türklərin təhqir olunduğunu bildirir.

Təbriz, Urmiyə, Sulduz, Ərdəbil, Marağa, Xoy, Tehran və başqa şəhərlərdə keçirilən kütləvi aksiyalarda “Haray, haray mən türkəm”, “İrqçiliyə son qoyun”, “Azərbaycan milləti, çəkəmməz bu zilləti” kimi şüarlar səsləndiriblər.

Güneyli fəalların Amerikanın Səsinə verdiyi məlumata görə, polis nümayişlərə müdaxilə edib. Xüsusilə Ərdəbil və Təbriz şəhərlərində polislə qarşıdurma zamanı yaralananlar var.

Fəallar bildirir ki, etirazçılar dövlət televiziyasının birbaşa bağlı olduğu Ayətulla Əli Xameneyinin üzr istəməsini və İran Ali Məclisində irqçiliyə qarşı qanun qəbul edilməsini tələb edir.

Cümə günü noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan “Fitilə” adlı televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da bəzi bölümlərində türkcə dialoqlar da yer alıb. Verilişin yayılmasından sonra Azərbaycan vilayətlərində başlanan təpkilərin genişlənib kəskinləşməsi nəticəsində siyasətçilər və millət vəkilləri İran dövlət televiziyasına etiraz bildirərək məsulların üzr istəməsini tələb ediblər.

Bu istiqamətdə Şərqi Azərbaycan valisi, Təbriz, Urmiyə, Ərdəbil, Xalxal, Sərəskənd (Həştrud) və Mərənd kimi şəhərlərin millət vəkilləri, eləcə də müxtəlif Azərbaycan şəhərlərinin şura üzvləri və digər tanınmış şəxsiyyətlər ayrı açıqlamalar və etiraz bəyanatları yayıblar.

Toplum, mədəni fəallar, tanınmış sənətçilər, futbolçular və millət vəkillərinin sərt reaksiyalarından sonra İranın dövlət televiziyasının ictimai əlaqələr bürosu “Fitilə” verilişinin yayımının dayandırılmasını bildirsə də, təpki və etiraz artaraq davam etməkdədir.

Check Also

afish-5

Dünya Azərbaycınlılarının Dayanışma – Həmrəylik Günü və Yeni İl Konserti!

Azərbaycan Konserti Müğənni Könül Məmmədlinin rəhbərlik etdiyi musiqi qrupu: Samirə Cəlilova      – tar Zərqələm Cəfərova ...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir